Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakı Dövlət Universitetində (BDU) “18 may - 18 iyun İnsan Hüquqları Aylığı" çərçivəsində “Əmək hüquqları və qanunvericilik” mövzusunda maarifləndirici təlim keçirilib.
BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən təlimin məqsədi tələbə və gənclərin əmək hüquqları sahəsində məlumatlılığının artırılması, onların əmək münasibətlərində hüquqi biliklərlə təmin olunması və peşəkar əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiya olunmalarına dəstək göstərməkdir.
Təlimdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsinin müdir müavini Günel Baxşiyeva iştirakçılara əmək qanunvericiliyinin əsas prinsipləri, işçi və işəgötürən arasında qarşılıqlı hüquq və vəzifələr, əmək müqavilələrinin bağlanması və ləğv olunması prosedurları, iş şəraiti, sosial müdafiə mexanizmləri və dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.
Təlim interaktiv formatda təşkil olunub və iştirakçılar müzakirələrə qoşularaq, onları maraqlandıran sualları ünvanlayıblar. Tədbir iştirakçıların bilik və təcrübələrinin artırılmasına töhfə verməklə yanaşı, onların əmək münasibətlərində hüquqlarını daha yaxşı tanımalarına şərait yaradıb.
Qeyd edək ki, təlim Bakı Dövlət Universiteti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilib.