Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdədə “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Qarabağ regionunda yerləşən müəssisələrin işəgötürənləri olmaqla, 100 nəfərədək şəxs iştirak edib.
Ümummilli lider Heydər Əliyevin 100 İlliyi münasibəti ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
Xidmətin Qarabağ regional şöbəsinin əməkdaşları mövzu ilə bağlı geniş təqdimatlarla çıxış ediblər.
Bildirilib ki, qeyri-rəsmi məşğulluq əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, layiqli əməyin dəstəklənməsinə, işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur.
Həmçinin qarşıda duran əsas məqsədin ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti gücləndirmək, bu sahədə koordinasiyalı fəaliyyəti təmin etmək, qeyri-formal məşğulluğun qarşısını almaqdan ibarət olduğu vurğulanıb. Əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.