Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Bərdə rayonunda işəgötürənlər üçün “İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə region üzrə Nazirliyin strukturuna daxil olan digər qurumların, Bərdə Rayon İcra Hakimiyyətinin və ictimai birliklərin nümayəndələri ilə yanaşı, Şərqi Zəngəzur regional şöbəsinin əhatə etdiyi rayonlardan olan dövlət və özəl sektora aid 25 müəssisə və təşkilatı təmsil edən 70-dək şəxs iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şərqi Zəngəzur regional şöbəsinin rəisi Ruslan Abdullayev Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edərək əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, tədbirdə müzakirə olunan mövzuların aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra regional şöbənin əməkdaşı Səfərli Elvin “İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi”, Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı Mədinə Mirili isə “Əməyin Mühafizəsi Mərkəzi haqqında” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında təqdimatla çıxış ediblər. İştirakçılara əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə, eyni zamanda Mərkəzin fəaliyyəti, əmək hüquqları və əməyin mühafizəsi sahəsində göstərilən məsləhət xidmətləri barədə məlumat verib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar məlumatlandırılıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.