Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün Salyanda “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq işin tənzimlənməsi qaydaları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında növbəti maarifləndirmə tədbiri keçirib.
Görüşdə 100-dən çox işəgötürən və onların nümayəndələri iştirak ediblər.
Tədbirin açılış nitqini Xidmətin Şirvan-Salyan regional şöbəsinin rəisi Anar Xıdırov söyləyib. O, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq təşkil edilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb və müzakirə edilən mövzuların aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra regional şöbənin əməkdaşı Zahid Sadıqov “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq işin tənzimlənməsi qaydaları”, İman Səmədov isə “İş yerlərində əməyin mühafizəsi” mövzusunda təqdimatlarla çıxış ediblər. Tədbir iştirakçılarına müəssisə və təşkilatlarda iş vaxtının növləri, onun rejimi və artıq iş vaxtının tənzimlənməsi ilə bağlı əmək qanunvericiliyinin tələbləri izah olunub. Eyni zamanda təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə mütəxəssislərin bilik və bacarıqları, eləcə də iş yerlərində təhlükəsiz əmək mədəniyyətinin təkmilləşdirilməsi istiqamətində dövlət nəzarətinin rolu müzakirə edilib.
Tədbirdə həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Salyan rayonundakı nümayəndəsi Günaydın Xəlilbəyli çıxış edərək, “İş vaxtından artıq işlərə cəlb olunma hallarında məcburi əməyin elementləri” mövzusunda iştirakçılara məlumat verib.
Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.