Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar" mövzusunda növbəti onlayn maarifləndirici tədbir keçirib.
Görüşdə 90-dan çox müəssisədən nümayəndə iştirak edib.
Xidmətin Qazax-Tovuz regional şöbəsinin əməkdaşı tərəfindən mövzu ilə bağlı geniş təqdimat olub.
Əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplər, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. İşçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi və digər məsələlər haqqında məlumatlar verilib.
Həmçinin orta əmək haqqı və onun hesablanması qaydasından, əməyin ödənilməsinin təminatlarından bəhs olunub. Müəssisənin ləğv edildiyi hallarda işçilərin əmək haqqının, sosial müdafiə xarakterli ödəmələrin, o cümlədən istifadə etmədikləri məzuniyyətə görə pul əvəzinin ödənilməsi ilə bağlı Əmək Məcəlləsinin tələbləri qeyd edilib. Əmək haqqından tutulmalara yol verilən hallar haqqında da danışılıb.