Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Caspian Energy Club”un növbəti B2G Forumunda işəgötürənlərlə fəal dialoq mühitində əmək və məşğulluq sahəsində innovativ həllərin tətbiqi, əmək qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan işlər diqqətə çatdırılıb.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli məşğulluq xidmətlərinin daha əlçatan və şəffaf olması, insan resursları əməliyyatlarının tam elektron müstəviyə keçidi üçün icra edilən rəqəmsal layihələr barədə məlumat verib. Bu layihələrin, habelə vahid əmək münasibətləri platforması olan, bu münasibətlər sahəsində bütün sənədləşmələrin kağız daşıyıcılardan elektron formaya keçidini təmin edən “Əmək və məşğulluq” altsisteminin (ƏMAS) şirkətlər üçün əhəmiyyətini vurğulayıb.
“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev əmək və məşğulluq, sosial müdafiə sahəsində islahatların “Caspian Energy Club” üzvləri üçün böyük maraq kəsb etdiyini, hazırkı görüşün bu sahədə məlumat mübadiləsi, şirkətlərin müvafiq suallarının cavablandırılması, təkliflərin müzakirəsi baxımından önəmini qeyd edib.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Xidmətin bu ilin ötən dövrünə dair fəaliyyətini qeyd edib. Bildirib ki, 2022-ci ilin 9 ayı ərzində əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 80 işçi əvvəlki işlərinə bərpa edilib. Həmçinin işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan, gecikdirilmiş 550 min manata yaxın ödənişlər işçilərə ödənilib.
Xidmət rəisi ƏMAS-da olan əmək müqaviləsi bildirişlərinin sayında artım, ƏMAS üzərindən müraciətlərin qanunvericiliyin cavablandırlması işləri və s. barədə də məlumat verilib.
Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov əmək qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, əmək qanunvericiliyinə dair normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi ilə bağlı hazırlanan layihələri diqqətə çatdırıb.
Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdir müavini, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupunun katibi Rəşad Zalov Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru 2022-2023-cü illər üzrə Yol Xəritəsi ilə bağlı məlumat verib.
B2G Forumda şirkət rəhbərləri və nümayəndələrinin sualları cavablandırılıb, təkliflərə dair fikir mübadiləsi aparılıb. Biznes nümayəndələri ilə dövlət qurumları arasında dialoqun aktivləşdirilməsi məqsədilə “Caspian Energy Club” ilə Nazirlik arasında işçi qrupunun yaradılması təşəbbüsü müzakirə edilib.
2002-ci ildə yaradılan və mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirir. Məqsədi Azərbaycanda və “Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak edilməsidir.