Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün Qubada maarifləndirmə tədbiri keçirib.
Görüşdə Nazirliyin digər qurumlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şimal Regional Mərkəzinin əməkdaşları, sosial tərafdaşlar, işçi sayı çox olan ağır, zərərli və təhlükəli sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
“İş yerlərində əməyin mühafizəsi”, “Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər”, “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında keçirilən görüşdə Nazirliyin Əmək Siyasəti şöbəsinin və Xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı təqdimatlarla çıxış ediblər.
Görüşdə işəgötürənlərə əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası haqqında, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumatlar verilib.
Bundan əlavə, tədbirdə Xidmətin Quba-Xaçmaz regional şöbəsinin əməkdaşları “Qeyri-formal məşğulluğun qarşısının alınması” ilə bağlı təqdimat vasitəsilə çıxış ediblər. Qarşıda duran əsas məqsədin ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti gücləndirmək, bu sahədə koordinasiyalı fəaliyyəti təmin etmək, qeyri-formal məşğulluğun qarşısını almaqdan ibarət olduğu vurğulanıb. Əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.