Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən işəgötürənlər üçün “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə məqsəd əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi, qadınların əmək bazarında iştirak imkanlarının artırılması üçün əmək qanunvericiliyində edilmiş son dəyişikliklərlə bağlı məlumatlandırmanın aparılması olub.
Tədbirdə dövlət və özəl təşkilatlardan olan 150-ə yaxın işəgötürən təmsil olunub.
Çıxışlarda mövzu ilə bağlı iştirakçılara ətraflı məlumatlar verilib və tədbir iştirakçıların suallarının cavavblandırılması ilə davam edib.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2024-cü il üzrə Fəaliyyət Planı”nın icrası çərçivəsində keçirilən bu maarifləndirmə tədbirlərinin ölkəmizin bütün iqtisadi rayonlarında keçirilməsi nəzərdə tutulub.