Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərində fəaliyyət göstərən işəgötürənlərin əmək sahəsində maariflənmə işinə dəstək vermək üçün ictimai dinləmə xarakterli maarifləndirmə tədbiri keçirib.
Tədbir “Əlilliyi olan şəxslərin əmək hüquqları” mövzusuna həsr edilib, həmçinin “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta”, “İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində çalışacaq mütəxəssislərin əmək qanunvericiliyində nəzərdə tutulmuş üstünlükləri” mövzuları barədə işəgötürənlərə məlumat verilib.
Tədbirdə Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasından mütəxəssislər iştirak edib. Müvafiq mövzularda çıxışlar dinlənilib.
Görüşdə “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs (Mərkəz) və gördüyü işlər barədə işəgötürən və onun nümayəndələrinə geniş məlumat verilib. Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Daha sonra tədbir sual-cavab formasında davam edib və mövzuya dair digər məsələlər müzakirə edilib.