Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "Qadınların və fiziki məhdudiyyətli şəxslərin əmək hüquqları" mövzusunda növbəti maarifləndirici onlayn tədbir keçirib.
Görüşdə 50-ə yaxın işəgötürən və ya onun nümayəndəsi iştirak edib. Xidmətin Şəki-Zaqatala regional şöbəsinin əməkdaşı tərəfindən mövzu ilə bağlı təqdimatlar vasitəsilə çıxışlar edilib.
Bildirilib ki, ölkəmizdə qadınlar əmək münasibətləri sahəsində kişilərlə bərabər hüquqlara malikdirlər. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir.
Əmək Məcəlləsi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı, fiziki məhdudiyyətinə və cinsinə görə də işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə bir ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Tədbir zamanı müəssisə və təşkilatlarda müvafiq kateqoriyadan olan şəxslərin və qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda bu şəxslər üçün müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq izahlar verilib.