Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi işəgötürənlər üçün "Qadınların əmək hüquqları" mövzusunda maarifləndirici tədbir keçirib.
Görüşdə 200-ə yaxın işəgötürən və ya onun nümayəndəsi iştirak edib. Görüşdə analığın mühfizəsi ilə bağlı video çarx nümayiş etdirilib, mövzu ilə bağlı təqdimatlar edilib.
Xidmətin əməkdaşı çıxışı zamanı bildirilib ki, ölkəmizdə qadınlar əmək münasibətləri sahəsində kişilərlə bərabər hüquqlara malikdirlər. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir.
Tədbir zamanı müəssisə və təşkilatlarda qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq izahlar verilib.