Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti ilə növbəti görüş keçirilib.
Görüşdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına baxmayaraq Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların müraciətləri və aidiyyəti dövlət qurumlarının məlumatları əsasında aparılan araşdırmalar, müvafiq sahədə risk əsaslı nəzarətin təşkili üzrə görülən işlər barədə ətraflı məlumat verilib.
Eyni zamanda Azərbaycanda əməyin mühafizəsi və təhlükəsizliyi sistemi, yaradılmaqda olan milli standartlar, habelə Əməyin Mühafizəsi Mərkəzinin nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə təqdimat edilib.
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə Xidmət tərəfindən işçi və işəgötürənlər arasında aparılan maarifləndirmə tədbirləri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birlikdə təşkil olunan təlimlər diqqətə çatdırılıb.
Azərbaycan Respublikasında işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təmin edilməsinə nail olmaq üçün qanunvericiliyinin tələblərinin pozulması faktının aşkar edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hazırlanan “E-audit” sistemi təqdim edilib. Bildirilib ki, “E-audit” sisteminin tətbiqinin əsas məqsədi yoxlamalarda şəffaflığın və operativliyin artırılması, insan faktorunun və müfəttiş-işəgötürən təmasının azaldılması, resurslardan səmərəli istifadə və digər bu kimi məsələlərdir.
Görüşdə Türkiyə nümayəndə heyəti ilə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.