Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun “2023-cü il üzrə Fəaliyyət Planı”nın icrası çərçivəsində bölgələrdə əmək münasibətlərində gender bərabərliyinə dair maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti belə tədbir Sumqayıt şəhərində keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə təşkil olunan tədbirlər “Əmək münasibətlərində gender bərabərliyi-bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda olub.
Abşeron-Xızı regionunu əhatə edən rayonlarda fəaliyyət göstərən müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün işəgötürənlərlə birgə maliyyələşmə tədbirlərinin genişləndirilməsi, gender bərabərliyinin və qadınların daha yüksək əməkhaqqı ödənilən sahələrdə çalışmasının təmin edilməsi, beynəlxalq əmək normalarına uyğun olaraq qadınların hüquqlarının müdafiəsi mövzularında məlumat verilib.
Həmçinin tədbirlərdə qadın əməyinin tətbiqi ilə bağlı iştirakçılara maarifləndirici slaydlar nümayiş etdirilib.