Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti üçün infotur təşkil olunub.
İnfotur Heydər Əliyev adına Dərin Özüllər Zavoduna və 5 saylı Bakı DOST Mərkəzinə həyata keçirilib.
Öncə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda olan qonaqlara müəssisənin fəaliyyəti, istehsal etdiyi məhsullar, əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı görülən işlər və s. barədə geniş məlumat verilib, onlar istehsal prosesini müşahidə edib.
Həmçinin 5 saylı Bakı DOST Mərkəzində də olan qardaş ölkənin nümayəndələri “DOST” mərkəzində vətəndaşlara göstərilən xidmətləri izləyib, o cümlədən əmək münasibətləri üzrə müraciətlərə baxılması prosesi ilə tanış olub.
Daha sonra Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, bu sahələrdə innovativ həllərin geniş tətbiqi, “DOST” konsepsiyası və onun əsas mahiyyəti, vətəndaş məmnunluğunun təmini istiqamətində görülən işlər barədə məlumat verilib.
Sonda qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və təcrübə mübadilələri aparılıb.