Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Abşeron rayonunda “İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunmuş növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Xidmətin Abşeron-Xızı regional şöbəsinin əhatə etdiyi rayonlar üzrə dövlət və özəl sektora aid müəssisə və təşkilatların nümayəndələri, eləcə də Nazirliyin digər tabeli qurumlarının əməkdaşları olmaqla 50-dək şəxs iştirak edib.
Xidmətin Abşeron-Xızı regional şöbəsinin əməkdaşı istirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi qaydaları ilə bağlı əmək qanunvericiliyinin tələbləri, işəgötürənlərin bu tələblərdən irəli gələn vəzifə və məsuliyyətləri barədə məlumat verib.
Daha sonra Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı tədbir iştirakçılarına iş yerlərində əməyin mühafizəsinin təşkili barədə məlumat verib. Əməyin mühafizəsi sahəsində yeni qəbul edilmiş dövlət standartlarının tətbiqinin əhəmiyyəti, bu standartların iş yerlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə töhfəsi, eləcə də sağlam və təhlükəsiz əmək şəraitinin formalaşdırılmasını təşviq edən “Vision Zero” konsepsiyasının əsas prinsipləri diqqətə çatdırılıb.
Tədbir zamanı mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.