1919-cu il avqustun 5-də AXC Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsini, əməkhaqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olundu. Müfəttişliyin yaradılması ilə əməyin mühafizəsinə nəzarət işi bir idarədə cəmləşdi və onun nəzarət dairəsi respublikanın bütün ərazisini əhatə etdi.
Ölkənin 8 bölgəsinin hər birində rayon müfəttişi fəaliyyət göstərirdi. AXC parlamentinin 1918-ci il 7 dekabr tarixli “Fəhlə məsələsi haqqında” qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilib.
90-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət təsisatlarının yenidən təşkilinə başlanıldı. 1997-ci il 27 yanvar tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi (DƏM) yaradıldı. 2011-ci ildə isə DƏM-in bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) təsis edilib.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə” təsdiq edilib.
DƏMX mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fiziki şəxslər (işəgötürənlər) tərəfindən Əmək Məcəlləsinə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
DƏMX vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən bilavasitə və öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmkarlar ittifaqları, işəgötürənlər birlikləri, yerli özünüidarəetmə orqanları, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
DƏMX əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir.
Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənişlərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir, əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, eyni zamanda işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərir.
Xidmətin aparatı, regional şöbələr, Əməyin Mühafizəsi Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidməti DƏMX-in vahid sistemini təşkil edir. Xidmətə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Xidmət rəisi rəhbərlik edir.
Xidmət rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən üç müavini var. DƏMX-in regional bölmələrinin rəisləri Xidmət rəisinin təqdimatı əsasında əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Hazırda Xidmətdə 311 əməkdaş çalışır. Onlardan 179 nəfəri kişi, 132 nəfəri isə qadınlardır.
Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107
Telefon: "142" Çağrı mərkəzi
Elektron poçt: demx@sosial.gov.az
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri də ölkədə əmək bazarının davamlı inkişafına nail olunması, vətəndaşların layiqli əməyinin təmin olunması, işçi hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsidir.
Əmək münasibətləri sahəsində aparılan islahatlarda innovativ həllərin, müasir texnologiyaların geniş tətbiqi əsas prioritetə çevrilmişdir. Belə ki 2022-ci ildə istifadəyə verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərində köklü dəyişiklikləri nəzərdə tutmuşdur. Bu elektron platforma işçi-işəgötürən münasibətlərinin çevikliyi və şəffaflığı, rəqəmsal kadr kargüzarlığına keçid, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının elektron həlləri, əmək bazarında tendensiyaların bir mərkəzdən izlənilməsi, interaktiv göstəricilər üzrə statistik təhlillərin aparılması və nəticələri üzrə proaktiv nəzarət tədbirlərinin həyata keçirilməsinə geniş imkanı yaradıb.
Digər tərəfdən, aşkar olunmuş hüquqpozmalarla bağlı elektron icraat prosesinə keçid istiqamətində tədbirlər görülməkdədir.
Fəaliyyətimizin əsas prinsipi işçilərin hüquqlarının pozulmasının qarşısını almaqla yanaşı işəgötürənlərə metodiki dəstək göstərmək, səlahiyyətlərimiz çərçivəsində biznes mühitin inkişafına töhfə vermək, risk əsaslı yanaşma modellərini tətbiq etməklə ünvanlı, ədalətli və şəffaf nəzarət mexanizmlərinin qurulmasıdır.
Vəli Quliyev
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi
Missiyamız
İnnovativ metodlarla əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək, risk əsaslı və qabaqlayıcı mexanizmlər vasitəsilə əmək hüququ pozuntularının, istehsalat risklərinin və peşə xəstəliklərinin qarşısını almaq, xidmətlərin hər kəs üçün əlçatanlığını təmin etməklə təhlükəsiz və dayanıqlı əmək münasibətləri mühitini formalaşdırmaqdır.
Gələcəyə baxışımız
Qabaqcıl təcrübə və modellərin tətbiqi ilə innovativ, şəffaf və ədalətli nəzarət mexanizmlərinin qurulması;
Vətəndaşların etimad göstərdiyi nüfuzlu dövlət nəzarət orqanlarından biri kimi tanınma;
Mövcud elektron platformaların təkmilləşdirilməsi ilə işçi və işəgötürənlərin məmnunluq səviyyəsinin artırılması;
Şəffaf və etibarlı əmək münasibətlərinə, sağlam və təhlükəsiz iş mühitinə nail olunması.
Prinsiplərimiz və dəyərlərimiz
· Qanunçuluq – Xidmət vəzifə və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarlarını rəhbər tutur.
· Bərabərlik – Nəzarət və qərarvermə proseslərində obyektivlik və qərəzsizlik təmin olunur, bütün işəgötürənlərə və işçilərə münasibətdə bərabər yanaşma tətbiq edilir.
· Şəffaflıq və hesabatlılıq – Xidmətin fəaliyyət istiqamətləri üzrə vəzifələrinin şəffaf şəkildə həyata keçirilməsi, fəaliyyətinin nəticələri barədə məlumatların və hesabatların mövcud qanunvericiliyə uyğun olaraq ictimaiyyət üçün açıq və əlçatan olması təmin edilir.
· Korrupsiyaya qarşı sıfır tolerantlıq – Bütün proseslərdə dürüstlük, şəffaflıq və maraqların toqquşmasının qarşısının alınması təmin olunur, korrupsiya risklərinin vaxtında aşkarlanması və qarşısının alınması prioritet istiqamət kimi müəyyən edilir.
· Risk əsaslı və preventiv nəzarət – Nəzarət tədbirləri risklərin qiymətləndirilməsi və hüquq pozuntularının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı yanaşma əsasında təşkil olunur.
· Peşəkarlıq və səriştəlilik – Peşəkar şəxslərin Xidmətə işə qəbulu və əməkdaşların bilik və səriştələrinin davamlı inkişafı və yüksək etik davranış mədəniyyətinin formalaşdırılması əsas prioritet sayılır.
· Operativlik və vətəndaş yönümlülük – Vətəndaşların, işəgötürənlərin, aidiyyəti digər qurumların müraciətlərinə vaxtında cavab verilməsi və xidmətlərin asan, rahat şəkildə əlçatan olması əsas götürülür.
· Sosial tərəfdaşlıq və dialoq – Bütün maraqlı tərəflərlə, o cümlədən sosial tərəfdaşlarla əməkdaşlıq, dialoq və birgə həll mexanizmlərinin tətbiqi təşviq olunur.
· Müasirlik və innovativlik – Fəaliyyət istiqamətləri üzrə qabaqcıl təcrübələr və beynəlxalq yanaşmalar öyrənilir və milli şəraitə uyğunlaşdırılır, müasir metod və texnologiyalar praktik fəaliyyətə sistemli şəkildə tətbiq olunur.