Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Ağdaş rayonunda 4 maarifləndirmə tədbiri təşkil olunub.
Xidmətin Mərkəzi Aran regional şöbəsi, Əməyin Mühafizəsi Mərkəzi və Ağdaş rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlərdə rayonda fəaliyyət göstərən 9 işəgötürən üzrə ümumilikdə 338 işçi iştirak edib.
Tədbirlər zamanı iştirakçılara Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əmək müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi, məzuniyyət hüququnun təmin olunması, əmək müqaviləsinə xitam verilməsinin əsasları və prosedurları barədə ətraflı məlumat təqdim edilib.
Eyni zamanda iş yerlərində əməyin mühafizəsi, əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, eləcə də əməyin mühafizəsi sahəsində tətbiq olunan standartlar barədə maarifləndirmə aparılıb.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.