Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Ağsu və İsmayıllı rayonlarında üç müəssisənin əməkdaşları üçün əməyin mühafizəsinə dair praktiki təlimlər təşkil olunub.
Təlimlər Ağsu rayonunda “Azgranata” MMC və Ağsu Rayon Mərkəzi Xəstəxanasında, İsmayıllı rayonunda isə 9 saylı Yol İstismar İdarəsində keçirilib. Təlimlərdə ümumilikdə 42 əməkdaş iştirak edib.
“Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkili, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusuna həsr olunan təlimlərdə əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, risklərin qiymətləndirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə və iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması məsələləri diqqətə çatdırılıb. Həmçinin təsdiq edilmiş dövlət standartları barədə məlumat verilib.
Bununla yanaşı, iştirakçılara “Vision Zero” konsepsiyasının əsas prinsipləri təqdim edilib, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. İş yerlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, risklərin idarə olunması və əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı praktiki tövsiyələr verilib.
Qeyd edək ki, bu təlimlər iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin edilməsi, peşə risklərinin vaxtında müəyyənləşdirilməsi, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə əməkdaşların bilik və bacarıqlarının artırılmasına, eləcə də əmək təhlükəsizliyi sahəsində məlumatlılığın və profilaktik yanaşmanın gücləndirilməsinə xidmət edir.