Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi Bakı Baş Səhiyyə Mərkəzinin tərkibinə daxil olan müəssisələrin SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) mütəxəssisləri üçün təlim təşkil edib.
“Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda keçirilən təlimdə 35 SƏTƏM mütəxəssisi iştirak edib.
Təlim çərçivəsində əməyin mühafizəsinin əhəmiyyəti, istehsalatda təhlükəsizliyin təmin olunması qaydaları, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə ətraflı məlumat verilib. Çıxış edən mütəxəssislər əməyin mühafizəsi tələblərinə əməl olunmasının işçilərin sağlamlığının qorunmasında və istehsalatda səmərəliliyin artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Təlimin əsas məqsədi iş yerlərində baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq, profilaktik tədbirləri gücləndirmək və qanunvericilik tələbləri barədə məlumatlılığı artırmaqdır. Bununla yanaşı, əməyin mühafizəsi üzrə dövlət standartlarının tətbiqi və “Vision Zero” yanaşmasının prinsiplərinin izahı vasitəsilə sağlam və təhlükəsiz əmək şəraitinin formalaşmasına töhfə verilməsi nəzərdə tutulub.