Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində əməyin mühafizəsi üzrə praktiki təlim keçirilib.
Təlim istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, iş yerlərində təhlükəsiz davranış qaydalarına riayət olunması və əməyin mühafizəsi sahəsində biliklərin artırılması məqsədilə təşkil edilib.
“Bakı Metropoliteni” QSC-nin aidiyyəti struktur bölmələrinin 50-dən çox əməkdaşının iştirak etdiyi təlimdə iş yerlərində mövcud risklərin müəyyən edilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, nəqliyyat hərəkəti olan ərazilərdə təhlükəsiz iş qaydaları, sürüşmə və yıxılma hallarının qarşısının alınması, fərdi mühafizə vasitələrindən düzgün istifadə və iş vaxtı rejiminə riayət olunması ilə bağlı məlumat verilib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi üzrə normativ tələblər izah olunub, təhlükəsiz iş şəraitinin təmin edilməsi ilə bağlı praktiki tövsiyələr təqdim edilib.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu istiqamətdə keçirilən təlimlər iş yerlərində qabaqlayıcı yanaşmanın gücləndirilməsinə və istehsalatda bədbəxt hadisələrin minimuma endirilməsinə xidmət edir.