Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakıda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir “ƏMAS-ın imkanları və yenilikləri”, “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr edilib.
Maarifləndirmə tədbirində Bakı şəhəri üzrə dövlət və özəl sektoru təmsil edən 120-dən çox işəgötürən iştirak edib.
Tədbir çərçivəsində Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) imkanları və yenilikləri barədə məlumat verilib, onlayn əmək müqaviləsinə keçidlə bağlı əsas məqamlar diqqətə çatdırılıb. Bundan əlavə, “Qanunu bil, həyatı asanlaşdır” şüarı altında əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə geniş məlumat verilib. Bildirilib ki, aparılan islahatlar çərçivəsində bir sıra normativ hüquqi aktlara ümumilikdə 400-dən çox dəyişiklik edilib. Qəbul olunmuş dəyişikliklərin əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması, habelə əmək bazarında şəffaflığın artırılmasıdır. Eyni zamanda, dəyişikliklərin tətbiq mexanizmləri və praktik icrası izah olunub, iştirakçıları maraqlandıran və ən çox sual doğuran məsələlər ətraflı şərh edilib, normativ tələblərin düzgün tətbiqi ilə bağlı izahatlar verilib.
Çıxışlar zamanı təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu və bu sahədə qəbul edilmiş yeni standartlar müzakirə olunub. Tədbirdə, həmçinin gender bərabərliyinin təşviqi, qadınların qeyri-formal məşğulluğa qarşı maarifləndirilməsi və onların əmək hüquqlarının qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.