Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlər üçün “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar”, “Əlilliyi olan şəxslərin əmək hüquqları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirici tədbir keçirilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə Nazirliyin və onun tabeliyindəki qurumların nümayəndələri, ictimai birliklərin təmsilçiləri, həmçinin Bakı şəhəri üzrə 100-dən çox işəgötürən və onların nümayəndələri iştirak ediblər.
Görüş zamanı sahə üzrə beynəlxalq təhlillərin nəticələri, əmək qanunvericiliyində son illərdə aparılan islahatlar, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti, Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı haqqında da məlumat təqdim olunub. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Əmək və Məşğulluq (ƏMAS) altsistemində aparılmış təhlillər əsasında iqtisadi fəaliyyət növləri üzrə qadınların nisbətən az təmsil olunduğu müəssisələrin işəgötürənlərinin iştirakı ilə təşkil edilib.