Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşəbbüsü ilə Bakı şəhərinin rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri sisteminə daxil olan mənzil-kommunal istismar sahələrinin əməkdaşları üçün əməyin mühafizəsi üzrə praktiki təlimlərinə start verilib.
İlk təlim Binəqədi rayonunda təşkil olunub. Təlimdə mənzil-kommunal istismar sahəsində çalışan 40-dan çox əməkdaş iştirak edib.
Təlim zamanı iştirakçılara əmək fəaliyyətinin xüsusiyyətlərinə uyğun olaraq əməyin mühafizəsi üzrə normativ hüquqi aktlar, nəqliyyatın hərəkət etdiyi ərazilərdə təhlükəsiz iş qaydaları, fərdi mühafizə vasitələrindən düzgün istifadə və iş vaxtı rejiminə riayət olunmasının əhəmiyyəti barədə məlumat verilib.
Təlimlərin əsas məqsədi iş yerlərində təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə və istehsalat qəzalarının qarşısının alınmasına töhfə verməkdir.