Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdə rayonunda işəgötürənlər üçün maarifləndirmə tədbiri təşkil edib.
“İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına hərs olunan tədbirdə Xidmətin Qarabağ regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 60-dan çox şəxs iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunulub, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.
Tədbirdə istehsalatda baş verən bədbəxt hadisələrdən sığortanın və iş yerlərində əməyin mühafizəsinin əhəmiyyəti iştirakçılara izah edilib.
Bundan əlavə, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək qeyd olunub, həmçinin yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar məlumatlandırılıb.
Sonda müvafiq mövzular üzrə iştirakçıların sualları cavablandırılıb.