Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bərdə rayonunda işəgötürənlər üçün “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 18 may – 18 iyun 2026-cı il tarixlərinin “İnsan Hüquqları Aylığı” elan edilməsi ilə əlaqədar keçirilib.
Xidmətin Qarabağ regional şöbəsi tərəfindən təşkil olunan tədbirdə 40-dan çox işəgötürən və onların 50-yə yaxın nümayəndəsi iştirak edib.
Tədbir zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub, əmək qanunvericiliyinin tələblərinə əməl edilməsinin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra iştirakçılara uşaqların əmək hüquqları, məcburi əməyin və insan alverinin qarşısının alınması, əmək münasibətlərində qanunvericiliyin tələbləri barədə məlumat verilib. Eyni zamanda təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə məsul şəxslərin bilik və bacarıqlarının artırılması, iş yerlərində təhlükəsiz əmək mədəniyyətinin formalaşdırılması və bu sahədə dövlət nəzarətinin rolu barədə danışılıb.
Tədbirdə iş vaxtından artıq işlərə cəlb olunma hallarında məcburi əməyin elementləri barədə də məlumat verilib.
Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.