Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən “AL Market” MMC-də işçilər üçün əməyin mühafizəsinə dair praktiki təlim təşkil olunub.
“Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidmətinin işinin təşkili, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda keçirilən təlimdə müəssisənin 27 əməkdaşı iştirak edib.
Təlim zamanı əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, risklərin qiymətləndirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də təsdiq edilmiş dövlət standartları barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, iştirakçılara “Vision Zero” konsepsiyasının əsas prinsipləri təqdim olunub, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb. Təlim çərçivəsində iş yerlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, risklərin idarə olunması və əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı praktiki tövsiyələr də verilib.
Qeyd edək ki, təlim iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin edilməsi, peşə risklərinin vaxtında müəyyənləşdirilməsi, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində əməkdaşların bilik və bacarıqlarının artırılmasına, eləcə də əmək təhlükəsizliyi sahəsində məlumatlılığın və profilaktik yanaşmanın gücləndirilməsinə xidmət edib.