Tədbirlərdə 17 500-ə yaxın şəxs iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2025-ci il ərzində Bakı şəhəri, regionlar və Naxçıvan Muxtar Respublikasında işəgötürənlər üçün ümumilikdə 282 maarifləndirmə tədbiri təşkil olunub. Tədbirlərdə 17 500-ə yaxın şəxs iştirak edib.
Keçirilən tədbirlərdən 46-sı işğaldan azad edilmiş ərazilərdə təşkil olunub. Bu tədbirlərə 135 işəgötürən üzrə 4 700 nəfərdən çox işçi heyəti cəlb olunub.
İşçi və işəgötürənlər, məktəblilər, tələbələrin iştirak etdiyi maarifləndirmə tədbirlərində əmək qanunvericiliyində aparılan islahatlar, qeyri-formal məşğulluqla mübarizə, əmək münasibətlərinin rəqəmsallaşdırılması, əməyin mühafizəsi qaydaları, uşaqların əmək hüquqları, məcburi əmək, yeni qəbul edilmiş standartlar və qadınların məşğulluq imkanlarının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Həmçinin maarifləndirmə tədbirləri çərçivəsində Dünya Bankı tərəfindən hazırlanmış “Business Ready” hesabatının əsas məqsədləri, metodologiyası və bu hesabatın ölkədə biznes mühitinin qiymətləndirilməsi baxımından əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. “Business Ready” hesabatının biznes subyektləri üçün şəffaflığın artırılması, hüquqi mühitin təkmilləşdirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsində rolu vurğulanıb.
Qeyd edək ki, bu istiqamətdə tədbirlərin ardıcıl olaraq davam etdirilməsi nəzərdə tutulur.