“DOST to DOST” layihəsi çərçivəsində DOST könüllüləri üçün təşkil olunan növbəti təlim yekunlaşıb.
“Rəqəmsal texnologiyalar və süni intellektin əməyin mühafizəsində rolu” mövzusuna həsr olunan təlimin ikinci günündə iştirakçıların praktiki bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
“Əməyin mühafizəsi üzrə təcrübə əsaslı təlim proqramı”nda təlimçilər tərəfindən real iş şəraitində yarana biləcək təhlükə və risklərin müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı praktiki nümunələr təqdim olunub. İştirakçılar müxtəlif situasiyalar üzərindən riskləri təhlil edib, mümkün təhlükələri müəyyənləşdirib və onların aradan qaldırılması üçün müvafiq tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Praktiki məşğələlər zamanı müasir texnologiyalardan və süni intellekt imkanlarından əməyin mühafizəsi məqsədilə necə istifadə oluna biləcəyi də nümunələr əsasında izah edilib.
Təlimin interaktiv formatda keçirilməsi iştirakçıların öyrəndikləri bilikləri tətbiq etməsinə, real iş şəraitində düzgün qərarvermə və risklərin idarə olunması bacarıqlarını möhkəmləndirməsinə imkan yaradıb.
Qeyd edək ki, proqrama əsasən digər mövzular üzrə təlimlər davam edəcək.