“DOST to DOST” layihəsində DOST könüllüləri üçün təşkil olunan təlim proqramı çərçivəsində “Uşaqların əmək hüquqları və təhlükəsiz əmək mühiti” mövzusu üzrə təlimlər yekunlaşıb.
Təlimlərin əsas məqsədi iştirakçıların uşaqların əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı biliklərini artırmaq, eləcə də real situasiyalarda düzgün qərarvermə bacarıqlarını inkişaf etdirmək olub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı tərəfindən keçirilən təlimlər zamanı 18 yaşadək şəxslərin əmək hüquqları, yetkinlik yaşına çatmayanların işləməsinin qadağan olunduğu işlər, təhlükəsiz əmək şəraitinin təmin edilməsi və uşaqların fiziki və psixoloji sağlamlığının qorunması məsələləri diqqətə çatdırılıb.
İştirakçılara mövzu ilə bağlı praktiki nümunələr təqdim olunub, müxtəlif iş şəraitləri üzərindən fikir mübadiləsi aparılıb. İnteraktiv formatda keçirilən “Bu işdə uşaq əməyinin istismarı halı varmı?” adlı qərar oyunu vasitəsilə iştirakçıların əldə etdikləri bilikləri praktiki situasiyalarda tətbiq etmək, riskləri müəyyənləşdirmək və düzgün qərar qəbul etmək bacarıqları möhkəmləndirilib.
Qeyd edək ki, “DOST to DOST” layihəsi çərçivəsində təlim proqramı davam edir.