Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Əmək və məşğulluq” (ƏMAS) altsistemində əmək müqaviləsinin elektron formasına edilmiş əlavələr və məzuniyyət əmrlərinin sistem üzərindən formalaşdırılması mövzusunda işəgötürənlər üçün vebinarlar keçirib.
Onlayn görüşlərdə ƏMAS-ın yeni funksionallıqları və üstünlükləri barədə işəgötürənlərin nümayəndələrinə məlumat verilib.
İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağırlıq və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarının əmək müqaviləsinin elektron formasına əlavə edilməsi, “Əmək və məşğulluq” altsisteminə işəgötürən tərəfindən əmək müqaviləsi daxil edilən zaman əmək məzuniyyəti günlərinin qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla qeyd olunması, məzuniyyət əmrlərinin hazırlanması funksionallığı və s. yeniliklər altsistem üzərindən interaktiv formada izah olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.