Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda marifləndirici tədbir keçirib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inzibati binasında keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının və müxtəlif sahələrdə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri iştirak edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyev ölkədə son 5 il ərzində icra olunan sosial islahat paketləri, eləcə də işçilərin əmək hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” adlı videoçarx nümayiş olunub.
Mövzu ətrafında Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Xidmətin Bakı Şəhər İdarəsinin nümayəndələri tərəfindən qanunvericiliyinin tələbləri barədə çıxışlar edilib.
İnteraktiv formada keçirilən görüşdə əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan suallar və təkmilləşdirilməsinə ehtiyac olan məsələlər, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində həyata keçirilən islahatlar ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırlıb.