Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Xocalı rayonunun mərkəzi və Əsgəran qəsəbəsində növbəti maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlər Xocalı rayonu üzrə fəaliyyət göstərən 4 müəssisənin ümumilikdə 64 nəfər işçi heyətini əhatə edən 3 ayrı sessiyada keçirilib.
Maarifləndirmə tədbirləri zamanı iştirakçılara əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlər çərçivəsində iştirakçılara yaddaş kitabçaları, maarifləndirici bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, sualları cavablandırılıb.
Tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edib, fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işi aparıblar.
Qeyd edək ki, azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsinə dair bu cür tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.