Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən əməyin mühafizəsi sahəsində maarifləndirmə təlimləri davam etdirilir.
Növbəti təlim Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Təlim proqramına müxtəlif sektorları təmsil edən 17 müəssisədən ümumilikdə 25 iştirakçı cəlb olunub.
İştirakçılara əməyin mühafizəsi üzrə mövcud qanunvericilik, yeni təsdiq edilmiş standartlar, risklərin idarə olunması mexanizmləri, eləcə də “sıfır qəza” konsepsiyası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu yanaşmalar istehsalatda risklərin minimuma endirilməsinə və davamlı təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına xidmət edir.
Bildirilib ki, yerli assosiasiyalar və biznes dairələri ilə birgə təşkil olunan bu cür təlimlər işəgötürənlərin məsuliyyətinin artırılmasına, habelə qabaqlayıcı tədbirlərin effektiv tətbiqinə mühüm töhfə verir.
Təlimlərin növbəti mərhələlərdə də davam etdirilməsi və daha geniş auditoriyanı əhatə etməsi nəzərdə tutulur.
Qeyd edək ki, təlimlərin əsas məqsədi müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi sahəsində bilik və praktiki bacarıqların artırılmasıdır.