Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Bakı şəhərində yerləşən 20 nömrəli məktəb-liseydə maarifləndirici görüş təşkil olunub.
Görüş Beynəlxalq Əmək Təşkilatının 2026-cı il üçün elan etdiyi “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizinə həsr edilib.
Əsas məqsəd təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində təhlükəsizlik mədəniyyətinin təşviqi, işçilərin sağlamlığının qorunmasına diqqətin artırılması və bu sahədə mövcud çağırışların müzakirəsi olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin nümayəndələri, eləcə də Bakı şəhəri üzrə rayon komitələrinin sədrləri iştirak ediblər.
Çıxışlar zamanı sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının sosial siyasətin əsas istiqamətlərindən biri olduğu, əmək mühitində fiziki təhlükəsizliklə yanaşı, psixoloji rifahın təmin edilməsinin də mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Həmçinin əmək qanunvericiliyinə nəzarət, iş yerlərində təhlükəsizlik qaydalarının tətbiqi, fövqəladə hallara hazırlıq və profilaktik tədbirlər, eləcə də təhlükəsiz və sağlam əmək mühitinin yaradılmasının əhəmiyyəti barədə geniş məlumat verilib.
Görüş çərçivəsində mövzuya həsr olunmuş videoçarxlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.
Sonda vurğulanıb ki, təhlükəsiz və sağlam əmək mühitinin yaradılması dövlət qurumları, həmkarlar ittifaqları və işəgötürənlər arasında səmərəli əməkdaşlıq nəticəsində mümkün olur və bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.