Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) 2026-cı il üzrə Fəaliyyət Planına əsasən hazırlanmış əməyin təhlükəsizliyi sahəsini əhatə edən növbəti 5 milli standart Azərbaycan Standartlaşdırma İnstitutunun müvafiq qərarı ilə dövlət standartı kimi təsdiq edilib.
Cari il ərzində hazırlanması nəzərdə tutulan 60 dövlət standartından ilk olaraq təsdiq edilən bu standartlar iş yerlərində əməyin mühafizəsinin gücləndirilməsi, işçilərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq standartların tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təsdiq edilən standartlar hündürlükdən yıxılmaya qarşı enerji udma qurğuları, vibrasiyadan qoruyan xüsusi ayaqqabılar, sudan, neft yağlarından və mexaniki təsirlərdən qoruyan rezin xüsusi çəkmələr, statik elektrikdən qorunma vasitələri, eləcə də ayaqları deşilmədən qoruyan fərdi mühafizə vasitələri üzrə ümumi texniki tələbləri və sınaq metodlarını müəyyən edir.
Sözügedən standartlar fərdi mühafizə vasitələrinin keyfiyyət və təhlükəsizlik göstəricilərinin artırılmasına, istehsalat risklərinin azaldılmasına, iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunmasına və əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin tətbiqinə xidmət edir.
Qeyd edək ki, təsdiq edilən bütün standartlar “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramı”na dair Tədbirlər Planının icrası çərçivəsində istinad standartları kimi hazırlanıb.
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə tərəfindən əmək sahəsində milli standartların hazırlanması istiqamətində işlər davam etdirilir.