Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Gəncə şəhərində maarifləndirmə tədbiri təşkil olunub.
Görüşdə “Qeyri-formal məşğulluğun qarşısının alınması” və “İş yerlərində əməyin mühafizəsi” mövzuları müzakirə edilib.
Tədbirdə Nazirliyin və onun tabeliyində fəaliyyət göstərən qurumların, ictimai birliklərin təmsilçiləri, həmçinin Xidmətin Gəncə-Daşkəsən regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən 30-a yaxın şəxs iştirak edib.
Çıxışlarda qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək münasibətlərinin leqallaşdırılması və sosial rifahın artırılması baxımından maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Tədbirdə həmçinin qadınların qeyri-formal məşğulluğa qarşı məlumatlandırılması və onların əmək bazarında hüquqlarının qorunmasının vacibliyi barədə iştirakçılara məlumat verilib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.