İƏT Əmək Mərkəzinin təşkilatçılığı ilə “Ortaq peşə sağlamlığı və təhlükəsizliyi prioritetlərinə doğru” mövzusunda İƏT Peşə Sağlamlığı və Təhlükəsizliyi Şəbəkəsinin (OIC-OSHNET) illik iclası keçirilib.
Onlayn formatda keçirilən tədbirdə İƏT-ə üzv 45-dən çox dövlətdən 100-dən artıq iştirakçı, İƏT Baş Katibliyinin, beynəlxalq təşkilatların və digər tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında İƏT Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov çıxış edərək Şəbəkənin institusional əsaslarının möhkəmləndirilməsinin, üzv dövlətlər arasında koordinasiyanın və peşə sağlamlığı və təhlükəsizliyi sahəsində praktiki əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
İclasda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva da iştirak edib. N.Mirzəyeva çıxışında ölkəmizdə peşə sağlamlığı və əməyin mühafizəsi sahəsində son dövrlərdə həyata keçirilən islahatlar və müsbət təcrübələr barədə məlumat verib, qarşıda duran əsas hədəfləri diqqətə çatdırıb. O, həmçinin bu istiqamətdə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
İclas çərçivəsində Şəbəkənin idarəetmə və əməliyyat mexanizmləri qəbul edilib, Səudiyyə Ərəbistanı Krallığı sədr, Malayziya və Seneqal Respublikası isə sədr müavinləri seçiliblər. Həmçinin Şəbəkənin ilk ikiillik iş planının hazırlanması və üzv dövlətlərin ehtiyaclarının qiymətləndirilməsinin aparılması ilə bağlı razılıq əldə olunub.
Tədbirdə peşə sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, peşə risklərinin qarşısının alınması, əmək müfəttişliyi, peşə təlimi, təcrübə mübadiləsi və iş yerlərində təhlükəsizliyin artırılmasında innovasiyaların rolu müzakirə edilib.