Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan regional şöbəsinin əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar Vətən müharibəsi şəhidləri Tacəddin Elşən oğlu Abışovun və Əmral Zaur oğlu Xəmmədovun, eləcə də lokal antiterror tədbirləri zamanı şəhid olmuş Seymur Teyyub oğlu Əzizalıyevin ailələrini ziyarət edib.
İmişli şəhərində anadan olan Tacəddin Abışov Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Suqovuşan ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları və 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İmişli rayonunun Çaxırlı kəndində anadan olan Əmral Xəmmədov Vətən müharibəsində Murovdağ və Cəbrayıl döyüşlərində iştirak edib. Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda”medalları eləcə də 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
İmişli rayonunda anadan olan Seymur Əzizalıyev 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ziyarət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.