İşçilər üçün əməyin mühafizəsinə dair praktiki təlimlər davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi bu dəfə təlimi Kliniki Tibbi Mərkəzin əməkdaşları üçün təşkil edib.
"Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkili, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri" mövzusunda keçirilən təlimdə müəssisənin 36 əməkdaşı iştirak edib.
Təlim çərçivəsində əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, risklərin qiymətləndirilməsi, təhlükəli və zərərli istehsalat amillərinin təsirinin azaldılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması və təsdiq edilmiş dövlət standartları barədə ətraflı məlumat verilib.
İştirakçılara həmçinin "Vision Zero" konsepsiyasının əsas prinsipləri təqdim olunub, təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iş yerlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, risklərin idarə olunması və əmək təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı praktiki tövsiyələr səsləndirilib.
Təlim təhlükəsiz əmək şəraitinin təmin olunmasına, peşə risklərinin vaxtında müəyyənləşdirilməsinə, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda, əməkdaşların bilik və bacarıqlarının artırılmasına, əmək təhlükəsizliyi sahəsində məlumatlılığın və profilaktik yanaşmanın gücləndirilməsinə töhfə verir.