“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində vətəndaş cəmiyyəti institutlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Görüş Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə təşkil edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvi İlqar Orucov cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsini bu istiqamətdə daha effektiv və səmərəli fəaliyyət göstərilməsi üçün böyük imkanlar yaratdığını qeyd edib. O, respublikamızda korrupsiyaya qarşı mübarizənin hüquqi və strateji əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu sahədə fəaliyyətin cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə özünün ən uğurlu və yüksək mərhələsinə çatdığını, dövlət qurumlarında yeni elektron xidmət mexanizmlərin tətbiqinin şəffaflığın təmin olunmasında mühüm rol oynadığını, ölkəmizdə son illərdə korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində müsbət nəticələrin əldə olunduğunu bildirib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva müvafiq sahədə dövlət nəzarətini həyata keçirən qurum olaraq Xidmət tərəfindən mümkün neqativ halların qarşısının alınması üçün həyata keçirilən kompleks tədbirlərdən bəhs edib. O, şəffaflığın artırılması sahəsində Xidmətin gördüyü işlər, o cümlədən innovativ həlləri tətbiq edərək əmək qanunvericiliyinə riayət olunmasına proaktiv və elektron nəzarət tədbirləri, elektron xidmətlərin təkmilləşdirilməsi üzrə “Əmək və məşğulluq” (ƏMAS) altsistemində görülən işlər və yeniliklər, işçi-işəgötürən və onların Xidmətlə kommunikasiyasının ƏMAS platforması üzərindən qurulması üçün nəzərdə tutulan funksionallıqlar, “DOST” platformasından yararlanaraq Xidmət əməkdaşları tərəfindən müracətlərin qəbulu və araşdırılmasının “DOST” mərkəzlərində aparılması barədə görüş iştirakçılarına məlumat verib. Rəis müavini həmçinin işçilərin və işəgötürənlərin əmək hüquqları və əmək qanunvericiliyinin tələbləri sahəsində məlumatlılığının artırılması istiqamətində maarifləndirmə tədbirləri, qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlanan layihələr haqqında məlumat verərək bildirib ki, bütün bu proseslərdə vətəndaş cəmiyyəti institutlarının iştirakı, onların rəy və təkliflərinin öyrənilməsi əhəmiyyətlidir.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri isə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə bu cür görüşlərin keçirilməsinin səmərəli olduğunu bildiriblər.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.