Laçın şəhərində işəgötürənlər üçün “Qeyri-formal məşğulluğun qarşısının alınması”, “İş yerlərində əməyin mühafizəsi” və “Gender bərabərliyi” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyindəki qurumların nümayəndələri, eləcə də 30 müəssisənin 32 nümayəndəsi iştirak edib.
Tədbirdə əmək qanunvericiliyi sahəsində son illərdə həyata keçirilmiş islahatlar, Əmək Məcəlləsində nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə təqdim etdiyi xidmətlər, habelə Azərbaycanın Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) qoşulması ilə bağlı görülmüş işlər barədə məlumat verilib.
Həmçinin qadınların əmək hüquqlarının təmin olunması, əmək münasibətlərində gender bərabərliyi prinsipinin qorunması, işə qəbul, əmək şəraiti, əməkhaqqı, vəzifə bölgüsü və karyera imkanları zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi barədə də məlumat verilib.
Qeyri-formal məşğulluğun qarşısının alınması mövzusu üzrə əmək münasibətlərinin rəsmiləşdirilməsinin vacibliyi, əmək müqaviləsi bağlanmadan işçilərin işə cəlb edilməsinin həm işçilər, həm də işəgötürənlər üçün doğurduğu nəticələr, əmək müqaviləsi bildirişlərinin “Əmək müqaviləsi” elektron informasiya sisteminə vaxtında daxil edilməsi, habelə qeyri-formal məşğulluğa görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumat verilib.
Əməyin mühafizəsi mövzusu üzrə isə bu sahədə qanunvericiliyin tələbləri, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları və yeni qəbul edilmiş dövlət standartları barədə iştirakçılara ətraflı müəlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə ölkənin 14 iqtisadi rayonunu əhatə edən “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar, bərabər imkanlar” kampaniyası çərçivəsində keçirilib.