Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Lənkəran şəhər 1 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
Tədbir “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunub.
Maarifləndirmə tədbirində Xidmətin Lənkəran-Astara regional şöbəsinin əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Regional Mərkəzinin, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayon polis şöbələrinin nümayəndələri, dövlət və özəl sektor nümayəndələri iştirak ediblər. Tədbirə ümumilikdə 150-yə yaxın şəxs qatılıb.
Tədbir zamanı iştirakçılara uşaqların əmək hüquqları, məcburi əməyin və insan alverinin qarşısının alınması, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər, eləcə də iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı məlumat verilib. Həmçinin əməyin mühafizəsi sahəsində qanunvericilik, təhlükəsizlik qaydaları, iş yerlərinin attestasiyası və dövlət standartları barədə ətraflı izahat təqdim olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.