Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qadınların əmək hüquqları və gender bərabərliyi mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə 30 müəssisə, idarə və təşkilatın nümayəndələri iştirak ediblər.
Tədbir zamanı qadınların əmək hüquqlarının təmin olunması, əmək münasibətlərində gender bərabərliyi prinsipinin qorunması, işə qəbul, əmək şəraiti, əməkhaqqı, vəzifə bölgüsü və karyera imkanları zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi barədə məlumat verilib.
Həmçinin iş yerlərində bərabər yanaşmanın təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması istiqamətində işəgötürənlərin üzərinə düşən vəzifələr, sağlam və ədalətli əmək mühitinin formalaşdırılması və işçilərin əmək hüquqlarına hörmətlə yanaşılmasının vacibliyi diqqətə çatdırılıb.
Mövzu ətrafında müzakirələr aparılıb, tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Maarifləndirmə tədbiri “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən təşkil olunub.