Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlər üçün Masallıda maarifləndirici tədbir keçirilib.
Tədbir “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və imkanlar”, “Əmək Məcəlləsində edilmiş son dəyişikliklər” mövzularını əhatə edib.
Görüşdə Nazirliyin və onun tabeliyindəki qurumların nümayəndələri, ictimai birliklərin təmsilçiləri, həmçinin Xidmətin Lənkəran–Astara regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən 220-yə yaxın şəxs iştirak edib.
Görüşdə sahə üzrə beynəlxalq təhlillərin nəticələri, əmək qanunvericiliyində son illərdə həyata keçirilən islahatlar, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu istiqamətdə mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti, Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, eləcə də Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirdə həmçinin Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı haqqında da məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.