5 saylı Bakı DOST Mərkəzində “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun XXIV xüsusi sessiyası keçirilib.
70-dən çox nümayəndənin iştirak etdiyi tədbirin məqsədi dövlət və özəl sektor arasında dialoqun genişləndirilməsi, əmək münasibətləri, məşğulluq və əmək bazarı sahəsində aktual məsələlərin müzakirəsi, biznes nümayəndələrinin sual və təkliflərinin dinlənilməsi olub.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan Fərid Məmmədov dövlət qurumları ilə biznes arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb, DOST Agentliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyi ilə həyata keçirdiyi birgə təşəbbüslər barədə məlumat verib. O, “DOST Müfəttiş” və “Könüllü DOST” layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.
Vəli Quliyev çıxışında dayanıqlı biznes mühitinin formalaşdırılmasının əmək münasibətlərinin çevik tənzimlənməsi, işçi hüquqlarının təmin edilməsi və təhlükəsiz əmək şəraitinin yaradılması ilə sıx bağlı olduğunu bildirib. Qeyd edib ki, Xidmət müasir nəzarət modelində sahibkarı yalnız nəzarətin obyekti deyil, sağlam əmək bazarının formalaşdırılmasında tərəfdaş kimi görür və əsas məqsədlərdən biri risklərin əvvəlcədən müəyyən edilərək pozuntuların qarşısının alınmasıdır.
DƏMX rəisi əmək münasibətlərində rəqəmsallaşma, ƏMAS-ın imkanlarının genişləndirilməsi, elektron nəzarət və risk əsaslı yanaşmanın tətbiqi barədə də məlumat verib. O, həmçinin əməyin mühafizəsi sahəsində preventiv yanaşmanın, “Vision Zero” prinsiplərinin, “DOST Müfəttiş” və “Nümunəvi müəssisə” kimi layihələrin təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılmasına xidmət etdiyini vurğulayıb.
Hasil Abbasov əmək bazarının dəyişən tələbləri, yeni peşə və bacarıqlara artan tələbat, işəgötürənlərin uyğun kadrlarla təmin olunması və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Telman Əliyev dövlət-biznes dialoqunun investisiya və işgüzar mühitin inkişafındakı rolunu qeyd edib, sahibkarların dövlət qurumları ilə birbaşa fikir mübadiləsi aparmasının və təkliflərini çatdırmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbir interaktiv müzakirələrlə davam edib. Vəli Quliyev və Hasil Abbasov sahibkarların əmək münasibətləri, əmək qanunvericiliyinin tətbiqi, məşğulluq və əmək bazarı ilə bağlı suallarını cavablandırıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Sessiya çərçivəsində iştirakçılar DOST Agentliyinin fəaliyyəti və sosial xidmətlərin göstərilməsində tətbiq olunan innovativ həllərlə də tanış olublar.
Tədbirin sonunda dövlət qurumlarının və biznes ictimaiyyətinin nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.