Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Mingəçevir şəhərində əmək hüquqları və əməyin mühafizəsi mövzusunda silsilə maarifləndirmə tədbirlərinə start verilib.
Mərkəzi Aran regional şöbəsi və Əməyin Mühafizəsi Mərkəzi tərəfindən təşkil olunan tədbirlər çərçivəsində müxtəlif müəssisə və təşkilatlarda ümumilikdə 4 maarifləndirmə tədbiri keçirilib. Tədbirlərdə 7 işəgötürən üzrə 300-ə yaxın işçi heyəti iştirak edib.
Tədbirlər zamanı iştirakçılara Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanılması, məzuniyyət hüququ, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları, qadınların və uşaqların əmək hüquqları, gender bərabərliyi, məcburi əmək və insan alverinin qarşısının alınması barədə məlumat verilib.
Həmçinin iş yerlərində əməyin mühafizəsi, əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası, “Vision Zero” yanaşmasının tətbiqi və sağlam, təhlükəsiz iş mühitinin təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı”nın maarifləndirmə baxımından əhəmiyyəti vurğulanıb.
Tədbirlər çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdiriləcəyi bildirilib.