Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsi və Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Mingəçevir şəhərində silsilə maarifləndirmə tədbirləri təşkil olunub.
Tədbirlərə şəhərdə fəaliyyət göstərən 4 müəssisə və təşkilatdan ümumilikdə 400-ə yaxın işçi və tələbə cəlb edilib. Görüşlər Mingəçevir Dövlət Universitetində, Kür Olimpiya Tədris İdman Mərkəzində, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında, həmçinin Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsində keçirilib.
Tədbirlərdə Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanılması, məzuniyyət hüququ və onun təmin edilməsi, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib.
Həmçinin uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması, iş yerlərində əməyin mühafizəsi, əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası, “Vision Zero” yanaşmasının tətbiqi, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti və əməyin mühafizəsi üzrə standartlar iştirakçıların diqqətinə çatdırılıb.
Eyni zamanda 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində əmək hüquqları ilə bağlı maarifləndirmənin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.