Naxçıvan Muxtar Respublikasında cari il üzrə yekun maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr edilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə 22 nəfər iştirak edib.
Təlim çərçivəsində müvafiq sahə üzrə mütəxəssislər tərəfindən təqdimatlar nümayiş etdirilib, əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə norma və qaydaların tətbiqi, habelə yeni qəbul edilmiş milli standartlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında il ərzində ümumilikdə 695 müəssisənin 1 424 nəfər nümayəndəsinin iştirakı ilə 50 maarifləndirici təlim təşkil edilib.