Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər və onların nümayəndələri üçün maarifləndirici tədbir təşkil olunub.
“ƏMAS-ın funksionallığı və yeniliklər”, “İş yerlərində əməyin mühafizəsi” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularına həsr olunmuş tədbirdə dövlət və özəl sektoru təmsil edən müəssisə və təşkilatların 50-yə yaxın nümayəndəsi iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, həmçinin Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşları təqdimatlarla çıxış edərək iştirakçıları müvafiq istiqamətlər üzrə məlumatlandırıblar.
Çıxışlar zamanı “Əmək və məşğulluq” altsisteminin imkanları, funksional bölmələri və sistemdə tətbiq edilən son yeniliklər barədə ətraflı məlumat verilib. Eyni zamanda qeyri-formal məşğulluğun yaratdığı risklər, bu sahədə mövcud problemlər, hüquqi məsuliyyət və inzibati nəticələr iştirakçıların diqqətinə çatdırılıb, habelə bu halların qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Tədbir çərçivəsində müəssisələrdə əməyin mühafizəsi işinin təşkili, işçilərin təlimatlandırılması, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları və təhlükəsiz əmək mühitinin formalaşdırılmasının əhəmiyyəti barədə də iştirakçılara geniş məlumat təqdim olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövcud qanunvericiliyin tələbləri ilə bağlı əlavə izahlar verilib.