Naxçıvan Muxtar Respublikasında iş yerlərində əməyin mühafizəsi sahəsində maarifləndirici tədbirlər ardıcıl şəkildə davam etdirilir.
Növbəti təlim “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr olunub.
Tədbir Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşının iştirakı ilə keçirilib. Təlimdə Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti və onun tabeliyində fəaliyyət göstərən 58 müəssisənin 60 nümayəndəsi iştirak edib.
Təlimçilər təqdimatlarla çıxış edərək işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, eləcə də əməyin mühafizəsi sahəsində qəbul edilmiş yeni standartlar barədə ətraflı məlumat veriblər. Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçılara təqdim olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.